16:00 / 03-06-2026
Sabah 31 dərəcə isti olacaq
“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş

“Tikinti yubadılır, kirayə pullarımız da verilmir” - 4 ildir evi sökülən vətəndaş


“64 ailənin yaşadığı 4 ümumi yaşayış binası 2022-ci ilin dekabrından sökülüb. 2 ilə başa çatmalı olan yeni tikinti prosesi isə “Xəmsə” şirkəti tərəfindən artıq 4 ildir ki, yubadılır”.

Bu şikayətlə “Qafqazinfo”ya Cəlilabad şəhəri Azərbaycan küçəsində yaşayan vətəndaş Əlisafa Salmanov müraciət edib. 

O bildirib ki, razılaşmaya əsasən, sakinlər iki il müddətinə tikiləcək 9 mərtəbəli binada mənzillərlə təmin olunmalı idilər: “Ancaq hələ də ortada heç nə yoxdur. “Xəmsə” şirkəti təkcə binanın bünövrəsini qoymaqla kifayətlənir. Bu müddət ərzində evlərimizin tikintisi üçün dəfələrlə aidiyyəti üzrə narahatlığımızı bildirmişik, ancaq bizə deyirlər ki, “yaxın vaxtlarda tikinti işləri davam etdiriləcək”. Təbii ki, bütün işlər sadəcə sözdədir...”



Evlərinin sökülməsi səbəbindən uzun müddətdir kirayədə qalan şikayətçinin sözlərinə görə, kirayə haqqı məsul şirkət tərəfindən ödənilməli olsa da, son aylarda bu ödənişlərin verilməsi ciddi problemə çevrilib: “Sadəcə bir il müddətində məbləği vaxtında ala bilmişik. Ondan sonra hər ayın sonunda pulu almaq mümkünsüz olub. Bununla bağlı dəfələrlə Cəlilabad Rayon İcra Hakimiyyətinə müraciətlər edilir və orada baxılır. Hətta bəzi ailələrin 3-5 aylıq kirayə haqqı yığılıb qalıb. Bir sözlə, kim daha çox qapı döyürsə, onun səsini məcbur olub eşidirlər. Tək mən yox, bütün sakinlər bu problemlərdən əziyyət çəkir. İstəyirik ki, “Xəmsə” şirkəti razılaşmada qeyd olunduğu kimi evlərimizin tikintisini tez müddətdə başa çatdırsın”. 



Məsələ ilə bağlı “Xəmsə” şirkətinin nümayəndəsi olduğu deyilən, Sənan adlı şəxslə əlaqə saxladıq. Lakin o, iddiaları səsləndirən şəxsi tanımadığını və Cəlilabadla heç bir əlaqəsi olmadığını bildirib. 

Vətəndaşların kirayə haqqının ödənilməməsi ittihamları ilə əlaqədar isə Cəlilabad Rayon İcra Hakimiyyətinə müraciət etdik.  Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, şirkətin rəhbəri Araz Ağalarov may ayının 26-da Cəlilabad şəhərində olub: “Kirayədə yaşayan sakinlərlə görüş baş tutub. Görüşdən sonra sakinlərə kirayə haqqlarının verilməsinə başlanılıb. Həmçinin şirkət tərəfindən bu gün ödənişlərin qalan hissəsi də veriləcək”.



Tarix: Bu gün, 08:38 Oxunub: 2


Bölməyə aid digər xəbərlər