Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkəmizin müstəqilliyinin möhkəmlənməsində, dövlətimizin inkişafında və xalqımızın rifahı uğrunda misilsiz xidmətlər göstərmiş dahi şəxsiyyətdir. Onun əziz xatirəsinə hörmət göstərmək hər bir azərbaycanlının mənəvi borcudur.
Lakin təəssüf ki, Ağsu Mərkəzi Xəstəxanasında çəkilmiş bu fotoda Heydər Əliyevin portretinin yerdə, ayaq səviyyəsində, bitkilər arasında aşağıda yerləşdirildiyi görünür. Bu, nə estetik baxımdan, nə də mənəvi dəyərlər baxımından qəbuledilməzdir. Üstəlik, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş lövhənin belə bir şəkildə sərgilənməsi, onun xatirəsinə qarşı hörmətsizlik kimi dəyərləndirilə bilər.
Ulu Öndərin adına və irsinə hörmət, dövlət qurumları və ictimai yerlərdə ən yüksək səviyyədə qorunmalı, onun şəkil və portretləri hər zaman layiqli, diqqətçəkən və yuxarıda görünən yerlərdə nümayiş etdirilməlidir. Bu cür məsuliyyətsizlik həm dövlət atributlarına, həm də xalqımızın tarixi yaddaşına zərbə vurur.
İctimaiyyət və aidiyyəti qurumlar bu məsələyə dərhal diqqət yetirməli, belə halların təkrarlanmaması üçün lazımi tədbirlər görməlidir. Ulu Öndərin irsi yalnız sözlə deyil, əməl və davranışla da uca tutulmalıdır.
Bölməyə aid digər xəbərlər
















