
Son onilliklərdə dünyada dövlətlərin geosiyasi çəkisini müəyyən edən əsas amillərdən biri onların beynəlxalq nəqliyyat, enerji və ticarət marşrutlarında tutduqları mövqedir. Bu baxımdan Azərbaycan öz coğrafi imkanlarını strateji üstünlüyə çevirərək Avrasiya məkanının mühüm enerji və logistika mərkəzlərindən birinə çevrilməyi bacarıb. Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində səsləndirdiyi fikirlər də ölkənin bu istiqamətdə əldə etdiyi nailiyyətləri və qarşıdakı perspektivləri aydın şəkildə ortaya qoydu.
Azərbaycanın son illərdə həyata keçirdiyi siyasətin mühüm nəticələrindən biri Xəzər hövzəsini beynəlxalq bazarlarla birləşdirən çoxtərəfli əməkdaşlıq platformasının yaradılmasıdır. Bu gün ölkəmiz Xəzər dənizinin şərq sahillərində yerləşən tərəfdaş dövlətlər üçün etibarlı tranzit məkanı rolunu oynayır. Mərkəzi Asiya ölkələrində hasil edilən enerji resurslarının Azərbaycan üzərindən dünya bazarlarına çıxarılması regionda iqtisadi inteqrasiyanın dərinləşməsinə mühüm töhfə verir. Bu proses təkcə neft nəqli ilə məhdudlaşmır və yaxın perspektivdə təbii qaz sahəsində də yeni əməkdaşlıq imkanları yarada bilər.
Azərbaycanın regional əhəmiyyətini artıran digər mühüm amil emal sənayesində formalaşdırdığı potensialdır. Bu gün ölkə yalnız xam neft və qaz ixracatçısı kimi çıxış etmir. Son illərdə həyata keçirilən investisiyalar nəticəsində neft emalı, neft-kimya və enerji məhsullarının istehsalı istiqamətində ciddi imkanlar yaradılıb. SOCAR-ın beynəlxalq bazarlardakı mövqeyinin güclənməsi, xüsusilə İtaliyada “Italiana Petroli” şirkətinin alınması nəticəsində Aralıq dənizi hövzəsində emal gücünün əhəmiyyətli dərəcədə artırılması Azərbaycanın enerji sektorunun yeni mərhələyə qədəm qoyduğunu göstərir. Bu, ölkənin əlavə dəyər yaradan iqtisadi modelə keçidini sürətləndirən mühüm amillərdən biridir.
Müasir dövrdə enerji marşrutları ilə nəqliyyat dəhlizləri bir-birini tamamlayan strateji sistemlərə çevrilib. Azərbaycan da məhz bu yanaşma əsasında son illərdə dəmir yolu və avtomobil yolu infrastrukturuna böyük həcmdə investisiyalar yatırıb. Bunun nəticəsində Şərq-Qərb nəqliyyat dəhlizi Avrasiyanın ən vacib yük marşrutlarından biri kimi fəaliyyət göstərir. Asiya ilə Avropanı birləşdirən bu xətt qlobal ticarətin təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsində mühüm rol oynayır.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət yetirdiyi məsələlərdən biri də Zəngəzur dəhlizinin perspektivləri ilə bağlı idi. Şərq-Qərb dəhlizinin yeni qolu kimi nəzərdə tutulan bu layihə regionun iqtisadi xəritəsini dəyişdirə biləcək təşəbbüslərdən hesab olunur. Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanı Naxçıvanla birbaşa birləşdirməklə yanaşı, Türk dünyasının nəqliyyat əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək.
Bütün bu uğurların arxasında isə düşünülmüş diplomatik fəaliyyət dayanır. Azərbaycanın açıq dənizlərə çıxışının olmaması enerji və yük daşımaları sahəsində qonşu ölkələrlə sıx əməkdaşlığı zəruri edib. Son illərdə formalaşdırılmış etibarlı tərəfdaşlıq münasibətləri nəticəsində ölkəmiz həm enerji layihələrinin, həm də nəqliyyat marşrutlarının əsas əlaqələndirici mərkəzlərindən birinə çevrilib. Bu gün Azərbaycan yalnız öz resurslarını dünya bazarlarına çıxarmır, eyni zamanda müxtəlif regionlar arasında iqtisadi körpü funksiyasını yerinə yetirir.
Bakı Enerji Həftəsində səsləndirilən fikirlər göstərir ki, Azərbaycan artıq yalnız enerji istehsalçısı kimi deyil, Avrasiyanın geoiqtisadi arxitekturasını formalaşdıran mühüm aktorlardan biri kimi çıxış edir. Enerji, nəqliyyat, logistika və beynəlxalq əməkdaşlıq istiqamətlərində əldə olunan nəticələr ölkənin regional liderlik mövqeyini daha da möhkəmləndirir və yeni inkişaf imkanları yaradır.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Bölməyə aid digər xəbərlər















