
Tovuz şəhər A.S. Puşkin adına orta məktəbin direktoru Adil Əsgərov - 2024-cü il 26 fevral tarixində Azərbaycan tarixində mühüm və simvolik əhəmiyyət daşıyan bir hadisə baş verdi – Xocalı soyqırımı qurbanlarının xatirəsi ilk dəfə olaraq artıq işğaldan azad olunmuş Xocalı şəhərində anıldı. Bu hadisə təkcə anım mərasimi deyildi, eyni zamanda 30 illik həsrətin, ağrının və ədalət axtarışının zirvə nöqtəsi idi. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Bu addım həm tarixi ədalətin təntənəsi, həm də gələcək nəsillərə ünvanlanmış bir mesaj idi: Azərbaycan öz şəhidlərinin xatirəsini heç zaman unutmayacaq və onların ruhu azad torpaqlarda əbədiləşdiriləcək.
Rayon ictimaiyyəti ilə keçirilən görüş zamanı dövlət başçısı xüsusi olaraq vurğuladı ki, əslində memorial kompleksinin layihəsi uzun illər öncə hazırlanmışdı. Hətta onun Bakıda, Xocalı soyqırımı abidəsinin yanında inşa edilməsi üçün yer də seçilmişdi. Lakin Prezidentin uzaqgörən siyasi baxışı və strateji düşüncəsi bu layihənin icrasını təxirə salmağa vadar etmişdi. Çünki dövlətimizin başçısı əmin idi ki, Azərbaycan xalqı bir gün mütləq öz doğma torpaqlarına qayıdacaq və belə bir memorial məhz faciənin baş verdiyi torpaqda ucaldılmalıdır. Bu qərar tarixi yaddaşa və milli ləyaqətə verilən ən yüksək dəyərin göstəricisi idi.
2003–2020-ci illər ərzində Azərbaycan dövlətinin həyata keçirdiyi məqsədyönlü siyasət, güclü ordu quruculuğu və iqtisadi potensialın artırılması məhz bir ali məqsədə – ərazi bütövlüyünün bərpasına xidmət edirdi. Bu illər ərzində ölkənin bütün resursları düşünülmüş şəkildə səfərbər edildi. Diplomatik müstəvidə aparılan fəal siyasət, beynəlxalq arenada mövqelərin möhkəmləndirilməsi və müasir silahlanma proqramlarının həyata keçirilməsi gələcək qələbənin bünövrəsini formalaşdırdı. Nəticədə 2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş Vətən müharibəsi 17 illik hazırlığın məntiqi və möhtəşəm nəticəsinə çevrildi.
44 günlük müharibə Azərbaycan xalqının birliyini, dövlət-ordu-xalq həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Qısa müddət ərzində işğal altındakı torpaqlarımızın böyük hissəsi azad edildi. Bu qələbə yalnız hərbi uğur deyildi, eyni zamanda beynəlxalq hüququn və tarixi ədalətin bərpası idi. Azərbaycan öz gücü ilə BMT qətnamələrinin icrasını təmin etdi və uzun illər nəticəsiz qalan danışıqlar prosesinə faktiki olaraq son qoydu. Bununla da regionda yeni siyasi reallıq formalaşdı.
Azərbaycanın illərlə dünyaya ünvanladığı “Xocalıya ədalət!” çağırışı isə təəssüf ki, beynəlxalq səviyyədə lazımi siyasi-hüquqi qiyməti ala bilmədi. Bu günə qədər 18 ölkə Xocalı faciəsini soyqırımı kimi tanısa da, böyük dövlətlərin bu siyahıda yer almaması ciddi suallar doğurur. Bir çox beynəlxalq təşkilatlar da bu məsələdə ədalətli mövqe nümayiş etdirmədi. Halbuki Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət idi və buna susmaq insanlıq dəyərlərinə ziddir.
Bu istiqamətdə xüsusilə Heydər Əliyev Fondunun fəaliyyəti qeyd olunmalıdır. Fondun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində tədbirlər, konfranslar, sərgilər təşkil olundu, kitablar və məqalələr dərc edildi. Xaricdə yaşayan azərbaycanlı diaspor təşkilatları da bu prosesdə fəal iştirak etdilər. Lakin erməni lobbisinin və onların xaricdəki havadarlarının təsiri bir çox hallarda ədalətin bərqərar olmasına mane oldu.
Bütün bu ədalətsizliklər fonunda Azərbaycan sonda tarixi ədaləti özü təmin etdi. 2020-ci il qələbəsindən sonra regionda aparılan siyasi və hərbi proseslər nəticəsində 2023-cü ilin sentyabr ayında ölkəmizin suverenliyi tam bərpa olundu. Separatizmə son qoyuldu və dövlət bayrağımız bütün Qarabağ ərazisində dalğalandı. Bu, Azərbaycan dövlətinin qətiyyətinin və milli iradəsinin parlaq təzahürü idi.
2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyevin Xocalıda Azərbaycan Bayrağını ucaltması isə tarixi bir an kimi yadda qaldı. Bu hadisə Xocalı faciəsinin qurbanlarının ruhuna ən böyük ehtiram, xalqımızın qürurunun və ləyaqətinin bərpası idi. Prezidentin vurğuladığı kimi, Xocalısız və Xankəndisiz qələbə tam sayıla bilməzdi. Məhz bu şəhərlərin azad olunması ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edildi.
Artıq 2026-cı ildəyik və Xocalı sakinləri mərhələli şəkildə öz doğma torpaqlarına qayıdırlar. Dövlət tərəfindən genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir, müasir infrastruktur qurulur, yaşayış evləri, məktəblər, xəstəxanalar inşa edilir. “Böyük Qayıdış” proqramı çərçivəsində Xocalı yeni və müasir şəhər modelinə uyğun şəkildə yenidən qurulur. Bu proses yalnız fiziki qayıdış deyil, həm də mənəvi dirçəliş, tarixi yaddaşın bərpasıdır.
Bu gün Xocalı artıq yalnız bir faciənin adı deyil. Xocalı həm də iradənin, səbrin, mübarizənin və qələbənin rəmzidir. Azərbaycan xalqı sübut etdi ki, zaman keçsə də, ədalət geciksə də, mütləq bərpa olunur. Xocalıya qayıdış həm şəhidlərin ruhuna sədaqət, həm də gələcək nəsillərə ünvanlanan güclü bir mesajdır: Azərbaycan heç vaxt öz torpaqlarından və tarixi yaddaşından vaz keçməyəcək.
Bölməyə aid digər xəbərlər















